Havaların soyuması ilə birlikdə dəridə quruluq, qabıqlanma və qıcıqlanma kimi problemlər daha çox müşahidə olunur. Mütəxəssislər yay aylarında günəş şüalarının təsirinə məruz qalan dərinin qışa düzgün hazırlanmasının vacibliyini vurğulayırlar.
Dermatoloq Ayşegül Girgin soyuq aylarda dərinin sağlam görünüşünü qorumaq üçün bir sıra tövsiyələr verib.
Həkimin sözlərinə görə, yayda günəş şüaları dəridə ləkələrin yaranmasına, quruluğa və erkən yaşlanma əlamətlərinə səbəb ola bilər. Bu problemlərin təsirini azaltmaq üçün dəriyə qulluq qaydalarını mövsümə uyğun dəyişmək lazımdır.
İlk addımlardan biri dərinin ölü hüceyrələrdən təmizlənməsidir. Bunun üçün pilinq prosedurlarından istifadə oluna bilər. Qlikol turşusu, C vitamini və retinoid tərkibli vasitələr dəri ləkələrinin görünüşünü azaltmağa kömək edə bilər. Lakin bu məhsulların, xüsusilə güclü turşuların və hidroxinonun mütəxəssis məsləhəti ilə istifadəsi tövsiyə olunur.
Soyuq havalarda dərinin nəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Külək və aşağı temperatur dərinin qoruyucu qatını zəiflədərək quruluq və qabıqlanmaya səbəb ola bilər. Buna görə sərt sabunlardan və dərini qurudan təmizləyicilərdən uzaq durmaq, yumşaq təmizləyici vasitələrə və nəmləndirici kremlərə üstünlük vermək məsləhət görülür.

Mütəxəssis sağlam qidalanmanın da dəriyə qulluqda mühüm rol oynadığını bildirib. Antioksidantlarla və C vitamini ilə zəngin qidalar dərinin normal fəaliyyətini dəstəkləyə bilər.
Payız və qış ayları bəzi lazer prosedurları üçün daha əlverişli hesab olunur. Bu üsullar dəridə ləkələrin, incə qırışların və digər yaşlanma əlamətlərinin görünüşünü azaltmağa kömək edə bilər. Lakin prosedurun uyğunluğu fərdi qaydada qiymətləndirilməlidir.

Həkim xatırladıb ki, günəşdən qoruyucu krem yalnız yayda deyil, qış aylarında da istifadə olunmalıdır. Xüsusilə pilinq və lazer prosedurlarından sonra dərini günəş şüalarından qorumaq vacibdir.

