Vitaminlər dərinin sağlamlığının və görünüşünün qorunmasında mühüm rol oynayır. Dermatoloq-kosmetoloq İrina Kotova RT-yə açıqlamasında dəri üçün xüsusilə vacib hesab olunan vitaminlərdən danışıb.
Mütəxəssisin sözlərinə görə, C vitamini kollagen sintezində iştirak edir, damar divarlarını qoruyur və piqmentasiyanın azalmasına kömək edə bilər. Həkim bildirib ki, bu vitamin dərinin gənc və sağlam görünüşü üçün vacibdir.
A vitamini isə akne və sızanaqlara meyilli dəridə faydalı rol oynaya, həmçinin dərinin yenilənməsi prosesində iştirak edə bilər. E vitamini hüceyrə membranlarını qoruyan antioksidant kimi çıxış edir və dərinin nəmlənməsinə kömək edir. B3 vitamini – niasinamid isə iltihabəleyhinə təsiri ilə tanınır.

Kotova qeyd edib ki, B qrupuna daxil olan bütün vitaminlər vacibdir, lakin onların əlavə qəbuluna yalnız çatışmazlıq olduğu halda ehtiyac yarana bilər. D vitamini də hüceyrə bölünməsində və dərinin immun müdafiəsində iştirak edir.
Həkimin sözlərinə görə, bəzi dəri əlamətləri müəyyən vitamin çatışmazlıqlarına işarə edə bilər. Məsələn, yağlı və səpkilərə meyilli dəri A vitamininin mənimsənilməsində problemlərlə, quruluq və dartınma hissi isə E vitamini çatışmazlığı ilə əlaqəli ola bilər.
“Ən yaxşısı analiz verməkdir. Əgər çatışmazlıq aşkarlanarsa, onu normal dozada vitamin preparatları ilə aradan qaldırmaq lazımdır”, – dermatoloq bildirib.

