Türkiyə teatr və kino sənətinin tanınmış simalarından Zihni Göktay vəfat edib.
Türkiyə mediasının məlumatına görə, Maltepedə ahıllar evində qalan sənətçi axşam saatlarında səhhətinin pisləşməsi səbəbindən Maltepe Universiteti Xəstəxanasına aparılıb. İntensiv terapiya şöbəsində müalicəyə alınan Göktayın həyatını xilas etmək mümkün olmayıb. O, 81 yaşında dünyasını dəyişib.

1945-ci ildə İstanbulda anadan olan Zihni Göktay 1973-cü ildən İstanbul Şəhər Teatrlarında çalışıb. Sənətçi karyerası boyunca “Lüküs Hayat”, “Kanlı Nigar”, “Figaro’nun Düğünü”, “On İki Öfkeli Adam”, “Cibali Karakolu” və “Gidiş Dönüş Moskova” kimi tamaşalarda səhnəyə çıxıb.
Göktay kino və televiziya tamaşaçılarına da yaxşı tanış idi. O, “Tosun Paşa”, “Meraklı Köfteci”, “Atla Gel Şaban”, “Fahriye Abla”, “Hababam Sınıfı Merhaba”, “Çalgı Çengi İkimiz” və “Yaşamak Güzel Şey” kimi filmlərdə rol alıb.
Aktyor televiziya ekranlarında isə “Bizimkiler”, “Üvey Baba”, “Cennet Mahallesi”, “Yalan Dünya” və “Ulan İstanbul” kimi seriallardakı obrazları ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb.

