“Qəbulu 140 manat olan tanınmış psixoterapevt Azər Bağırov qızımı stresə salıb”.
Den.az xəbər verir ki, bu barədə bloqer Aynur Qurbanqızı sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
Onun sözlərinə görə, qızı psixosomatikadan əziyyət çəkdiyi üçün həmin həkimə müraciət ediblər: “Qızım stresə düşəndə ürəkbulanması, qusmaları olur. Bunun üçün 3 dəfə psixoterapevt Azər Bağırovun qəbulunda olub, hər dəfə də 140 manat ödəmişik. Bundan əlavə, onun həyat yoldaşı da psixoloqdur və onun da yanına dəfələrlə yönləndirib. Həyat yoldaşının qəbulu 80-100 manatdır. Sanki ancaq pul yığmaq üçün şəbəkə qurub. Nə isə, problem pul deyil, pulu ona görə vurğuladım ki, görəsiniz ki, 140 manata bu həkimin qəbulu nədən ibarətdir. Dərmanlar bitdikdən sonra, ötən həftə qızım təkrar bunun qəbuluna gedib. Cəmi 15 dəqiqə zaman ayırıb və bu dəqiqələr içində də qızımı incidəcək ağır, kobud sözlər deyib”.
Ana deyir ki, dərmanlar bitdikdən sonra yenisini almayıblar. Buna səbəb isə həkimin başqa dərmanlar yazacağını düşünmələri olub. Lakin qızı qəbul zamanı həkimin kobud davranışı ilə üzləşib: “Üstəlik, dərmanların aylardır təsiri olmayıb. Qəbul zamanı həkimin cavabları məhz belə olub: “Qusursan? Nə olsun ki? Qusanda da qusacaqsan da. Sən nə gözləyirsən? Uğur? Mən sənə dərman yazıram, vəssalam. İçib-içməməyin məni maraqlandırmır. Mən sənin anan deyiləm, atan deyiləm ki, sənə can yandırım. Aramızda heç bir duyğusal bağ yoxdur. Sənə dərman da yazmaram, amma daha pul verib gəlmisən, yazıram…”
Qızım deyir ki, danışarkən də dediklərimə də fikir bildirmirdi, fikri növbəti xəstəni qəbula salmaqda qalmışdı. Məni narahat edən və əsəbiləşdirən nədir?! Bir psixoterapevt stresə görə müalicəyə gələn həssas gənc qıza necə belə kobud davrana bilər?! Bu nə sözlərdir deyir? Ürəyindən keçirə bilər, amma ifadə etmək nə dərəcədə etikdir? Axı qarşındakı məhz duyğusal stres pozğunluğuna görə sənin yanına müalicəyə gəlir. Biz 140 AZN pulu qəbula nə üçün ödəyirik? Həkimin borcu xəstəsinə elə məhz can yandırmaqdır ki, şəfa olsun. Sən aylardır müalicə alan pasiyentinə sağalmasına heç bir ümid vermirsənsə, laqeyd münasibət göstərirsənsə bunun adı nədir?!”