Bakının səhiyyə sistemində dəhşətli hadisə baş verib. 81 yaşlı Xədicə Xanovanın səhhəti, psixiatr həkim Azər Bağırovun yazdığı yanlış müalicə nəticəsində kritik həddə çatıb.
Bu barədə Den.az-a xəstənin ailəsi məlumat verib.
Hazırda qadının yaxınları çaşqınlıq və dərin təəssüf içindədir.
Belə ki, Xədicə Xanova, qızı ilə birlikdə adıçəkilən psixiatrın qəbuluna gedib. Onun vəziyyəti ilə bağlı müayinə aparan həkim, ilkin diaqnoz əsasında müəyyən dərman preparatları təyin edib. Lakin yazılan dərmanlar qadının səhhətinə müsbət təsir göstərmək əvəzinə, onun həyatını cəhənnəmə çevirib.
Məlumata görə, dərmanları qəbul etdikdən dərhal sonra qadın güclü şoka düşüb. Ardınca beyin fəaliyyəti dayanıb, yəni komaya düşüb. Artıq 12 gündür ki, nə yemək yeyə bilir, nə də danışa. Gözləri açılmır, yalnız nəfəs alır. Hazırda xəstəxanada kritik vəziyyətdə saxlanılır.
Ailə üzvləri bildirirlər ki, Xədicə xanımın bu hala düşməsinə səbəb yalnız həkimin yazdığı dərmanlardır. Onların sözlərinə görə, qadın həkimə sağlamlıq ümidi ilə müraciət edib, lakin yanlış təyin olunan müalicə onu həyatla ölüm arasında buraxıb.
Məsələ ictimai rezonans doğurub. Sosial şəbəkələrdə və mediada həkim məsuliyyətsizliyi müzakirə olunur. İctimaiyyət məsul şəxslərin bu məsələ ilə bağlı ölçü götürməsini tələb edir.
"Daha dərmanı saxlayın!" – bu, artıq sadəcə bir ailənin fəryadı deyil, səhiyyədə nəzarətsizliyə qarşı cəmiyyətin etiraz səsidir.
Fotodakı Azər Bağırovdur