Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşüb.
“Denmedia.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazir səfiri səmimi salamlayaraq, Azərbaycanla Polşa arasında münasibətlərin qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Bu çərçivədə, K.Heydərov həmsədri olduğu Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ötən müddət ərzində səmərəli fəaliyyətinə toxunub, qarşıda duran məsələlərdən danışıb.
Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonağa məlumat verən nazir bu istiqamətdə iki dost ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasını vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Pavel Radomski iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin daim genişlənməsindən məmnunluq ifadə edib. Bu çərçivədə səfir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

