Bakıda cümə axşamı elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, 4 iyunda Yasamal, Nizami və Xəzər rayon elektrik təchizatı və satışı idarələrinin ərazilərində təmir-yenidənqurma işləri aparılacaq.
Yasamal rayonunda transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Məhəmməd Naxçıvani, Fuad İbrahimbəyov, İbrahim Əbilov və Abdulla Şaiq küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Bundan başqa, Nizami rayonunda iki transformator məntəqəsində aparılacaq təmir-təftiş işləri çərçivəsində eyni saatlarda Keşlə qəsəbəsinin bəzi ərazilərində, Qara Qarayev prospektində və Əli Vəliyev küçəsində elektrik təchizatında fasilələr olacaq.
Xəzər rayonu üzrə isə 35/6 kV-luq 459 saylı yarımstansiyadan qidalanan 6 kV-luq elektrik verilişi xətlərində naqillərin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan 15:00-dək Mərdəkan qəsəbəsində Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi və Ramin Qasımov küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.
Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

