Azərbaycanda oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Bəzi rayonlarda güclü yağış, dolu, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Şimal-şərq küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 15–17, gündüz 19–21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 65–75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Axşam saatlarında qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 14–17, gündüz 19–24 dərəcə isti, dağlarda isə gecə 5–9, gündüz 10–15 dərəcə isti olacaq.

