Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici işlər naziri Van İ ilə görüşdü.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Görüşdə tərəflər yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı etimadın və iki ölkə xalqları arasındakı dostluğun Azərbaycan-Çin münasibətlərinin inkişafında əsas hərəkətverici qüvvə olduğunu vurğulayıblar.
Nazirlər 2025-ci ildə qurulan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin sürətli inkişafını yüksək qiymətləndiriblər. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı əldə olunan mühüm razılaşmaların ikitərəfli əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı qeyd olunub.
Həmçinin 2027-ci ildə Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyi diqqətə çatdırılıb.
Görüş zamanı ticarət-iqtisadi əlaqələr, investisiyalar, energetika, nəqliyyat, logistika və kommunikasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib.
Azərbaycanın Asiya ilə Avropa arasında mühüm əlaqələndirici roluna, eləcə də Orta Dəhlizin regional və regionlararası əməkdaşlığın gücləndirilməsində artan əhəmiyyətinə xüsusi diqqət yetirilib.

Tərəflər BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstəyi davam etdirmək əzmində olduqlarını bir daha təsdiqləyiblər.
Nazirlər regional təhlükəsizlik vəziyyəti və son hadisələr ətrafında da fikir mübadiləsi aparıblar. Mövcud çağırışların aradan qaldırılmasında davamlı dialoqun, diplomatik təmasların və çoxtərəfli əməkdaşlığın vacibliyi vurğulanıb.
Ceyhun Bayramov çinli həmkarına Ermənistanla sülh prosesi, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonrakı dövrdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib.

