Pekində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşüb.
DenMedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Geniş tərkibdə keçirilən görüşdə nazirlər Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçirərək, yüksək səviyyəli siyasi dialoqun və Xarici İşlər nazirlikləri arasında müntəzəm təmasların əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi, investisiya imkanları, bağlantı və nəqliyyat dəhlizləri, enerji sahəsində əməkdaşlıq, eləcə də innovasiya və rəqəmsal inkişaf üzrə əməkdaşlıq məsələləri əhatə olunub.
Tərəflər həmçinin regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi apararaq, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın vacibliyini qeyd ediblər.
Hər iki nazir bu səfərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə və müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın genişləndirilməsinə əlavə töhfə verəcəyinə əminlik ifadə edib.

