ABŞ-ın Nyu-York ştatı qanunvericiləri evtanaziyanın bir forması olan “ölüm zamanı tibbi yardım”ın leqallaşdırılması ilə bağlı qanuna düzəlişləri qəbul ediblər. İndi sənədin qüvvəyə minməsi üçün Keti Hokul tərəfindən təsdiqlənməsi tələb olunur. Bu barədə Politico yazır.
Qeyd olunur ki, “ölüm zamanı tibbi yardım” ilə klassik evtanaziya arasında əsas fərq ondan ibarətdir ki, birinci halda sağalmaz xəstəliyi olan şəxslər həkim tərəfindən yazılmış preparatları özləri qəbul edirlər, evtanaziyada isə ölümcül doza tibb işçisi tərəfindən tətbiq olunur.
Politico-nun məlumatına görə, düzəlişlər ştatın qanunverici orqanında səs çoxluğu ilə qəbul edilib. Nümayəndələr Palatasında 85 deputat lehinə, 60 deputat əleyhinə səs verib. Senatda isə layihəni 34 senator dəstəkləyib, 28 senator isə əleyhinə çıxıb.
Düzəlişlərə aşağıdakı tələblər daxildir:
-
ştatda məcburi yaşayış şərti
-
pasiyentin həyatla vidalaşmaq üçün yardım istəməsinin audio və ya video yazısı
-
reseptin yazılması ilə dərmanın əldə edilməsi arasında beş günlük gözləmə müddəti
-
tibbi və psixiatrik qiymətləndirmə
Nəşr yazır ki, qubernator Keti Hokul sənədi imzalamağa söz verib. Onun bunu cümə günü gecə yarısına qədər etmək üçün vaxtı var.
Sənəd imzalandıqdan altı ay sonra qüvvəyə minəcək. Əvvəlcə onun yanvar ayında təsdiqlənməsi planlaşdırılırdı.

