Azərbaycanda payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının və mövsümi qripin yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər həyata keçirilir.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyi bu il də mövsümi qrip əleyhinə vaksinlərin ölkəyə gətirilməsini təmin edib. Bakı və Sumqayıtdakı dövlət tibb müəssisələri artıq lazımi miqdarda vaksinlə təmin olunub və peyvəndləmə prosesinə başlanılıb. Regionlarda isə vaksinlərin tibb müəssisələrinə mərhələli şəkildə çatdırılması davam edir.
Bu il peyvəndləmə üçün Niderland istehsalı olan dördvalentli “Influvac Tetra” qrip vaksini istifadə edilir. Peyvənd qripə yoluxma ehtimalını, xəstəliyin ağır keçməsi və xəstəxanaya yerləşdirilmə riskini azaldır.
Peyvənd xüsusilə 6 aylıqdan yuxarı uşaqlar, 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəlikləri və zəif immun sistemi olan insanlar, hamilə qadınlar və tibb işçiləri üçün tövsiyə olunur.
Qrip əleyhinə peyvənd könüllüdür. Peyvənd olunmaq istəyən şəxslər yaşayış yerləri üzrə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Ətraflı məlumatı ailə həkimlərindən əldə etmək mümkündür.

