Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxıstan və Rusiyada müşahidə olunur.
Bu barədə Səhiyyə Nazirliyindən Den.az-a verilən məlumatda qeyd edilib.
Məlumata görə, hər il Şimal yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır.
Nazirlikdən bildirilib ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir və bütün dünyada geniş yayılıb:
"Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.
Bunu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır. Belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur".
Nazirlik ölkə ərazisində sözügedən virusa qarşı görülən tədbirlər barədə də məlumat verib:
"Ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir.
Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur. Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur".
Nazirlik yeni yayılan virusla bağlı məlumat yaydı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.