Azərbaycanda qripə yoluxma göstəricilərində artım qeydə alınıb. Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov məlumat verib.
Onun sözlərinə görə, qrip virusunun ştammları daim mutasiyaya uğrayır, bu səbəbdən sentyabr ayının sonlarından etibarən TƏBİB Səhiyyə Nazirliyi ilə birgə əhali arasında aktiv peyvəndləmə kampaniyası həyata keçirir. Hazırda qrip simptomları ilə təcili tibbi yardıma müraciətlərin sayında artım müşahidə olunur və xəstələrə əsasən simptomatik müalicə tətbiq edilir.
Vüqar Qurbanov bildirib ki, indiyədək ağır fəsadlar qeydə alınmayıb. Stasionar müalicə alanların böyük əksəriyyəti uşaqlardır, böyüklərin isə xəstəxanaya yerləşdirilməsi nadir hallarda baş verir.

