Azərbaycan mayın 26-da insan orqanlarının alverinə qarşı Avropa Şurası Konvensiyasının ratifikasiya prosedurunu tamamlayıb.
Bu barədə Avropa Şurasının saytında yayılan məlumatda bildirilir.
“Azərbaycan Konvensiyaya qoşulan 16-cı ölkə olub. Sənəd 2026-cı il sentyabrın 1-də qüvvəyə minəcək”, — məlumatda qeyd olunub.
Avropa Şurası baş katibinin müavini Byorn Berge Azərbaycanı və ölkənin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılovu Konvensiyanın ratifikasiyası münasibətilə təbrik edib.
O, insan hüquqlarının gücləndirilməsinə və beynəlxalq əməkdaşlığa sadiqliyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Qeyd edək ki, Avropa Şurasının insan orqanlarının alverinə qarşı Konvensiyası 2015-ci ildə qəbul edilib və 2018-ci ildə qüvvəyə minib. Sənəd insan orqanlarının qanunsuz götürülməsi, satışı və bu sahədə vasitəçilik hallarına görə cinayət məsuliyyətini, həmçinin zərərçəkənlərin müdafiəsi və bu cür cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlıq mexanizmlərini nəzərdə tutur.

