Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə davam edən münaqişənin və neftin bahalaşmasının təkcə region ölkələrinə deyil, bütün dünyaya təsir etdiyini bildirib.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, Ərdoğan xalqa müraciətində neft qiymətlərindəki artımın ABŞ daxil olmaqla bir çox ölkədə hiss edildiyini qeyd edib.
“İsrailin təxribatları və təhrikləri nəticəsində başlayan müharibənin hesabını təkcə İran xalqı deyil, bütün dünya ödəyir. Bu radikal yanaşma dəyişmədikcə böhran fırtınası səngiməyəcək”, – Ərdoğan bildirib.
Türkiyə lideri mövcud geosiyasi gərginliyə baxmayaraq, Ankaranın iqtisadi siyasət kursunu dəyişmək niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Türkiyə iqtisadi artımı qorumağa, istehsal və investisiyaları dəstəkləyən siyasəti davam etdirməyə çalışacaq.

