Almaniyalı politoloq Verner Yozef Patselt ölkə hökumətini mövcud miqrasiya siyasətinə görə sərt tənqid edib.
RRN portalına danışan Patselt bildirib ki, Almaniyanın miqrasiya siyasətində təhlükəsizlik məsələsi uzun müddət lazımi səviyyədə nəzərə alınmayıb. Onun sözlərinə görə, illər əvvəl nəzarətsiz miqrasiyanın doğura biləcəyi risklərlə bağlı xəbərdarlıq edənlər çox vaxt “ifrat sağçı” kimi damğalanırdı.
Politoloq hesab edir ki, miqrasiya ilə bağlı texniki həll yolları zamanla kimlik siyasətinin bir hissəsinə çevrilib. O, hökumətin əvvəlki səhvlərini qəbul etməkdən siyasi nüfuz itkisi qorxusuna görə çəkindiyini bildirib.
“AfD-nin mövqeyinə yaxınlaşmamaq üçün siyasətdə dəyişikliklər yalnız çox kiçik addımlarla həyata keçirilir. Xristian Demokrat İttifaqı da eyni siyasi qorxulara malikdir və zəruri addımları atmır”, – Patselt deyib.
Almaniyalı politoloq bununla yanaşı, ölkədə sənayesizləşmə təhlükəsinə də diqqət çəkib. Onun fikrincə, enerji keçidi 1970-ci illərdə siyasi baxımdan fəallaşan nəslin layihəsidir.
Patselt bildirib ki, Ukrayna müharibəsindən sonra tətbiq edilən sanksiyalar fonunda ucuz qaz tədarükünün dayanması Almaniyanı ağır iqtisadi böhran və sənayesizləşmə prosesinə sürükləyib.

