İspaniyanın Şimali Afrikadakı ərazisi Seutaya (Ceuta) iyulun 30–31-də Mərakeşdən 70 mindən çox miqrantın daxil olmasından sonra ölkədə yaranan siyasi gərginlik səngimir. Sentyabrın 2-də qeyd olunan “Seuta Günü” bu il bir sıra şəhərlərdə hökumətə etiraz aksiyalarına çevrilib. Son məlumatlar da 70 mindən çox insanın həmin günlərdə sərhədi keçdiyini təsdiqləyir.
Madrid də daxil olmaqla müxtəlif şəhərlərdə keçirilən aksiyalarda minlərlə insan İspaniya bayraqları ilə küçələrə çıxıb. Etirazçılar Seutanın İspaniya suverenliyi altında qalmasına dəstək ifadə etməklə yanaşı, hökumətin miqrasiya böhranını idarə etməsinə etiraz ediblər. “Hökumət istefa!” şüarları səsləndirilib. Aksiyalara müxalifətdəki sağçı Xalq Partiyası (PP) və ifrat sağçı “Vox” da dəstək verib.
Böhran iyulun sonunda on minlərlə insanın Mərakeşdən Seutaya kütləvi şəkildə keçməsindən sonra başlayıb. Hadisə zamanı çoxsaylı insan həyatını itirib, İspaniya isə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib. Sonrakı həftələrdə minlərlə miqrantın Seutada qalması şəhərin infrastrukturuna və qəbul imkanlarına ciddi təzyiq yaradıb.
Mövzu İspaniyada ciddi siyasi qarşıdurmaya da səbəb olub. Baş nazir Pedro Sançes isə Mərakeşin kütləvi keçidi əvvəlcədən təşkil etdiyinə dair konkret sübut olmadığını bildirib.
İspaniyadakı etirazlara ABŞ Prezidenti Donald Tramp da münasibət bildirib.
Tramp ölkədə yaranmış vəziyyəti sərt şəkildə şərh edərək deyib:
“İspaniya məhv olacaq. Mənim də İspaniya ilə problemlərim olub. Amma orada baş verənləri izləmək çox üzücüdür”.
ABŞ Prezidenti Seutadakı kütləvi miqrant axınını da tənqid edib. O, minlərlə insanın qısa müddətdə ölkəyə daxil olmasını görünməmiş vəziyyət adlandırıb.
Denmedia.az

