Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Bakı Ermənistanla münasibətlərin normallaşması prosesini diqqətlə izləyir və rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır.
Nazir bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksək səviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Ceyhun Bayramovun sözlərinə görə, normallaşma prosesi çərçivəsində artıq mühüm addımlar atılıb. Nazir buna misal olaraq iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri və rəsmi şəxsləri arasında keçirilən görüşləri göstərib.
Bayramov, həmçinin Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməni xatırladaraq bildirib ki, normallaşma prosesinin başa çatdırılması üçün Ermənistanın yeni Konstitusiya qəbul etməsinin zəruriliyi qeyd olunub.
“Bu addımın həyata keçirilmə müddəti Ermənistandakı daxili proseslərdən asılıdır”, – nazir bildirib.
Ceyhun Bayramov əlavə edib ki, seçkilərdən sonra Ermənistanın baş naziri Konstitusiya layihəsinin ilin sonunadək ictimaiyyətə təqdim olunması ilə bağlı yeni açıqlamalar verib.
“Biz proseslərin inkişafını izləyirik. Rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır”, – Ceyhun Bayramov vurğulayıb.

