İsrailin “Calcalist” iqtisadi nəşrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir ildə ölkəsinin həm Vaşinqtonda, həm də ərəb dünyasında təsir imkanlarını xeyli genişləndirdiyi barədə məqalə dərc olunub. Nəşr Ərdoğanın Türkiyəni Yaxın Şərqdə “görməzdən gəlinməsi çətin olan oyunçuya” çevirdiyini yazıb.
“Calcalist”in yazısında bildirilir ki, “Ərdoğan Türkiyəni Yaxın Şərqdə nəzərə alınmadan qərar verilməsi çətin olan aktora, İsrail üçün isə ətraf regionlarda təsirini getdikcə artıran rəqibə çevirib.”
Məqalədə Ankara ilə Təl-Əviv arasında münasibətlərin son bir ildə də pisləşdiyi, iqtisadi, ticari və aviasiya əlaqələrinin demək olar ki, tamamilə kəsildiyi vurğulanır. Türkiyə Ticarət Nazirliyinin məlumatlarına istinad edən nəşr qeyd edir ki, İsraillə birbaşa ticarət 2024-cü ilin mayından etibarən sıfır səviyyəsindədir. Bununla yanaşı, üçüncü ölkələr üzərindən dolayı ticarətin davam etməsi barədə iddiaların olduğu da yazılır.
“Calcalist” Türkiyə–İsrail gərginliyinin artıq yalnız Qəzza ilə məhdudlaşmadığını, Suriya istiqamətində də dərinləşdiyini qeyd edir. Nəşrin yazdığına görə, Ankara İsrailin Suriyadakı təhlükəsizlik vəziyyətinə təsir edən hərbi addımlarını Türkiyə üçün də potensial təhdid hesab edir.
Məqalədə Türkiyənin 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın yeni hakimiyyətinin əsas himayədarlarından birinə çevrildiyi vurğulanır. Ankara Şama təhlükəsizlik sahəsində dəstək verir, iki ölkə arasında iqtisadi inteqrasiyanın genişləndirilməsinə çalışır və iki il ərzində qarşılıqlı ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir.
“Calcalist” həmçinin Ərdoğanın Türkiyənin Vaşinqtonda və ərəb dünyasında siyasi çəkisini artırdığını yazır. Məqalədə ABŞ Prezidenti Donald Trampın Ərdoğanı Qəzza üzrə Sülh Şurasının təsisçi üzvlərindən biri olmağa dəvət etməsi və Türkiyənin Səudiyyə Ərəbistanı ilə Pakistanla müdafiə sahəsində əməkdaşlığı xüsusi qeyd olunur.
Nəşrin yekun qiymətləndirməsinə görə, Ərdoğan daxildə yüksək inflyasiya və faiz dərəcələri kimi iqtisadi çətinliklərlə üzləşsə də, Türkiyəni Yaxın Şərqdə yan keçilməsi çətin olan regional gücə çevirib və İsrail baxımından Ankara getdikcə daha təsirli rəqibə çevrilir.

