ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrail-Türkiyə gərginliyinin təhlükəli həddə çata biləcəyi barədə xəbərdarlıq edib.
Barrak bildirib ki, İsrailin Suriyadakı Əbu Zuhur aviabazasına zərbəsinin səbəblərindən biri Türkiyənin həmin obyektdə hərbi təlim proqramını genişləndirmək planları barədə kəşfiyyat məlumatı ola bilər.
O, İsrailin Türkiyəni qıcıqlandırmağa çalışması ehtimalını da istisna etməyib.
“Türkiyə ordusu güclü, cəsur, çox yaxşı təchiz olunub və nə etdiyini bilir. Qəsdən edilməyən bir hərəkət istənilən an yeni dünya müharibəsinə yol aça bilər”, – Barrak bildirib.
Diplomatın sözlərinə görə, Türkiyə İsraillə hərbi qarşıdurmada maraqlı deyil və Türkiyə rəhbərliyi gərginliyin azaldılmasına fokuslanıb.
Barrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyini də yüksək qiymətləndirərək onun gərginliyi azaltmaq üçün ciddi səylər göstərdiyini deyib.

