Rusiya və Azərbaycan ikitərəfli münasibətlərdə yaşanan böhran dövrünü geridə qoyub və bundan sonra əməkdaşlığın inkişafına diqqət yetirilməlidir.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu qurumun elmi-ekspert şurasının rəyasət heyətinin iclasında bildirib. Şoyqunun bu mövqeyi iyulda Azərbaycan və Rusiya rəsmilərinin münasibətlərin normallaşması ilə bağlı verdikləri açıqlamalarla da üst-üstə düşür.
“Məmnunluqla qeyd edirik ki, ikitərəfli münasibətlərdə son böhran dövrü Moskva və Bakının birgə səyləri nəticəsində aradan qaldırılıb. İndi ümumi vəzifəmiz Rusiya-Azərbaycan əməkdaşlığının liderlər arasında əldə edilmiş razılaşmalara uyğun şəkildə ardıcıl inkişafını təmin etməkdir”, – Şoyqu bildirib.
O qeyd edib ki, Rusiya Azərbaycanla münasibətlərin iki ölkə arasında mövcud müqavilə-hüquq bazası, o cümlədən 2022-ci ildə ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, həmçinin mehriban qonşuluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etməsinin tərəfdarıdır.
Şoyqu əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə bu istiqamətdə birgə fəaliyyətin tərəfdarı olduğunu bildirib.

