Bu gün Azərbaycanın tarixi və memarlıq abidələrindən biri olan Xudafərin körpüsünün Ermənistan işğalından azad edilməsinin altıncı ildönümüdür.
2020-ci il oktyabrın 18-də Azərbaycan Ordusu Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində yerləşən qədim Xudafərin körpülərini, eləcə də Hacılı və Hacı İsaqlı kəndlərini işğaldan azad edib.
27 illik işğaldan sonra Xudafərin körpüsünün üzərində yenidən Azərbaycan bayrağı ucaldılıb.
Azərbaycanın mühüm tarixi-memarlıq abidələrindən sayılan Xudafərin körpüləri əsrlər boyu Arazın iki sahilini birləşdirərək ticarət və mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Bu yollar Böyük İpək Yolunun ticarət marşrutları ilə də bağlı olub.
15 tağlı Xudafərin körpüsü XI–XII əsrlərə aid edilir. Tarixi mənbələrdə körpünün 1027-ci ildə hökmdar Fəzl ibn Məhəmməd tərəfindən tikdirildiyi barədə məlumatlara da rast gəlinir.
Kompleksə daxil olan digər, 11 tağlı körpünün isə XIII əsrdə, Elxanilər dövründə daha qədim tikilinin yerində yenidən qurulduğu ehtimal edilir. Onun günümüzədək üç mərkəzi tağı gəlib çatıb.
1993-cü ildə Cəbrayıl rayonunun işğalından sonra istifadəsiz qalan tarixi körpü 2020-ci ilin oktyabrında yenidən Azərbaycanın nəzarətinə keçib.
Xudafərinin azad edilməsi yalnız hərbi uğur deyil, həm də Azərbaycanın tarixi və mədəni irsinin geri qaytarılmasının simvollarından biri kimi yadda qalıb.

