Uzun illər güclü səsi və səhnə performansı ilə tanınan İşın Karaca bu dəfə arıqlaması ilə maqazin gündəminə düşüb. Son aylarda 35 kilo verərək tamamilə fərqli görünüşə qovuşan məşhur sənətçi, çəki atma prosesi ilə bağlı açıqlamaları ilə maraq yaradıb.
2000-ci illərə mahnıları ilə damğa vuran İşın Karaca musiqi dünyasının ən sevilən ifaçıları sırasında yer alır. Dillərə düşən hitləri ilə geniş pərəstişkar ordusu qazanan sənətçi, eyni zamanda görünüşü ilə də daim diqqət mərkəzində olub.
Son vaxtlar verdiyi çəkilərlə tez-tez gündəmə gələn Karaca, arıqlama sirrini də izləyiciləri ilə bölüşüb. Müğənni ötən gün Karaköydə kameralara tuş gəlib və bu sözləri deyib:

“Hamı soruşur ki, necə arıqladın. Yeməyəndə arıqlayırsan. Artıq kilo pis şey deyil. Bu ölkədə mənim və bir də Sibel Canın çəkisi problem edilib. Sənətdə 25-ci ilimdə buna köklü həll tapmaq istədim. Bir ilə başa gəldi. Sibel 25 kilo, mən isə 35 kilo verdim. Evdə hamı pəhrizdə idi. Qan analizləri və həkim nəzarəti ilə arıqladım. Bədəni tanıyanda beyni də sıfırlayırsan.”
Sənətçi bildirib ki, artıq 36 ölçülü geyimlər və 40 nömrəli ayaqqabılar alıb, hətta bir gün geyinmək ümidi ilə bahalı geyimləri otağında asıb. Sağlamlığının çox yaxşı olduğunu vurğulayan Karaca əlavə edib ki, vaxtilə 130 kilo çəkidə məşhur olub və qadının bədən ölçüsündən asılı olmayaraq sənətdə uğur qazana biləcəyini illər əvvəl sübut edib.

İşın Karaca həmçinin 10 il əvvəl mədə kiçiltmə əməliyyatı keçirdiyini, lakin şəxsi çətinliklər səbəbindən yenidən kökəldiyini də etiraf edib. İndi isə həyatından razı olduğunu və bir daha çəki almamaq üçün diqqətli davranacağını deyib.


