Amerikalı müğənni Kris Braun keçmiş ev işçisinə təxminən 13 milyon dollar təzminat ödəyəcək.
Bu barədə The Guardian məlumat yayıb.
Məlumata görə, 2020-ci ildə Braunun malikanələrindən birində çalışan Mariya Avila adlı qadına müğənninin gözətçi iti hücum edib. Bildirilir ki, Qafqaz çoban iti olan Aida qadının üz və qol nahiyəsinə ciddi xəsarətlər yetirib.
Mariya məhkəmədə bildirib ki, hücumdan sonra ona onlarla tikiş qoyulub, həmçinin qarın nahiyəsindən qoluna dəri köçürülüb. Qadının sözlərinə görə, hadisədən sonra o, travma sonrası stress pozuntusu və sinir zədələnməsindən əziyyət çəkir.
Kris Braun hücum zamanı evdə olduğunu bildirib. O, ifadəsində itin Mariyanı yaraladıqdan sonra onu qəfəsə saldığını deyib. Müğənninin mühafizəçisi təcili yardım çağırsa da, Braun həkimlər gəlməzdən əvvəl evi tərk edib. O, məhkəmədə bunu mediada qalmaqal yaranmasının qarşısını almaq istəyi ilə izah edib.
Braun səhlənkarlığını etiraf etsə də, Mariya və bacısı Patrisiya Avilanı itin təhlükəli ola biləcəyi barədə əvvəlcədən xəbərdar etdiyini iddia edib. Bacılar isə belə bir xəbərdarlıq almadıqlarını bildiriblər.
Mariya Avila 2021-ci ildə Kris Braunu məhkəməyə verib. Məhkəmə prosesi bu yaxınlarda yekunlaşıb və andlılar Avila ailəsinin xeyrinə qərar çıxarıblar.
Qərara əsasən, Mariya Avilaya təxminən 13 milyon dollar təzminat ödəniləcək. Onun bacısı Patrisiya Avilaya emosional stressə görə 885 min dollar, Mariyanın həyat yoldaşı Oskar Olivoya isə 50 min dollar kompensasiya təyin olunub.
Qeyd edək ki, Kris Braun daha əvvəl də bir sıra qalmaqallarla gündəmə gəlib. O, 2009-cu ildə o vaxtkı sevgilisi, müğənni Rihannaya qarşı fiziki zorakılığa görə həbs edilmiş və günahını etiraf etdikdən sonra ictimai işlər, məhkəmə qadağası və sınaq müddətinə məhkum olunmuşdu.
The Guardian yazır ki, Braun sonrakı illərdə də müxtəlif zorakılıq iddiaları və məhkəmə işləri ilə üzləşib. 2025-ci ildə isə o, ağır bədən xəsarəti yetirməkdə ittiham olunub, lakin məhkəmədə özünü təqsirli bilməyib.

