Zərgərlik brendi Abelininin təsisçisi Nilesh Raholiya dünyanın ən zəngin futbolçusu kimi təqdim olunan Kriştiano Ronaldonun həyat yoldaşı, model Georgina Rodrigezin toy görünüşünün diqqətçəkən detalını açıqlayıb. Onun şərhini “Daily Mail” yayıb.
Məlumata görə, Georgina mərasimə “Gucci” moda evinin ağ rəngli dəstində qatılıb. Geyim ipək köynək və yubkadan ibarət olub. Model görünüşünü “Horsebit” markalı atlas ayaqqabılarla tamamlayıb.
Lakin onun görünüşündə ən çox diqqət çəkən detal “Chopard” lüks brendinin “Garden of Kalahari” kolleksiyasından olan iri boyunbağı olub. Zinət əşyası 50 karatlıq almazla bəzədilib.

“Onun taxdığı sadəcə çox bahalı almaz boyunbağı deyil. Bu iri daşların hamısı əvvəlcə emal olunmamış almazlar olub və məhz onların mənşəyi bu zinət əşyasını xüsusi edən əsas amillərdən biridir”, – deyə Raholiya bildirib.
Mütəxəssis qeyd edib ki, boyunbağının dəqiq qiymətini müəyyənləşdirmək mümkün deyil. Çünki brend bu məlumatı yalnız müştərinin sorğusu əsasında təqdim edir.
Bununla belə, “Daily Mail”in məlumatına görə, belə bir boyunbağının qiyməti 75 milyon dollara çata bilər.

