Arabesk musiqisinin tanınmış simalarından İbrahim Tatlısesin pərəstişkarı ilə çəkdirdiyi son foto sosial mediada gündəm olub. Bir müddətdir səhhətindəki problemlər səbəbindən müalicə alan sənətçinin görünüşündəki dəyişiklik izləyicilərin diqqətindən yayınmayıb.
Tatlıses xaricdəki konsertlərindən sonra İstanbulda evində özünü pis hiss edərək xəstəxanaya yerləşdirilmişdi. Reanimasiyada müalicə alan sənətçi öd kisəsində yaranan infeksiya səbəbindən əməliyyat olunmuşdu.

Aprelin 22-də xəstəxanadan buraxılan Tatlıses həkimlərin tövsiyəsi ilə fizioterapiyaya başlayıb. Müalicəsini Ankarada davam etdirən sənətçi bir müddət sonra xəstəxanadan evə buraxılıb.
Müalicə prosesindən sonra yay istirahətinə çıxan Tatlıses pərəstişkarlarından biri ilə foto çəkdirib. Sosial şəbəkələrdə yayılan həmin görüntüdə sənətçinin xüsusilə çəkisindəki nəzərəçarpacaq dəyişiklik diqqət çəkib.
Tatlısesin son halını görən bəzi izləyicilər onun səhhətində yenidən problem yaranıb-yaranmadığını soruşublar. Sosial mediada “İbrahim Tatlıses yenidən xəstələnib?” və “İbrahim Tatlısesə nə olub?” kimi şərhlər yazılıb.

Sənətçinin görünüşündəki dəyişikliyin keçdiyi müalicə prosesi ilə əlaqəli olub-olmadığı barədə isə hələlik konkret məlumat verilməyib.
Denmedia.az

