Öd kisəsi əməliyyatı keçirən İbrahim Tatlıses reanimasiya mərhələsinin başa çatmasından sonra xəstəxanadan evə buraxılıb. Məşhur sənətçinin sağlamlıq vəziyyətinin yaxşılaşdığı bildirilir.
Xəstəxanadan çıxarkən jurnalistlərin suallarını cavablandıran İbrahim Tatlıses vəziyyəti ilə bağlı məlumat verib və mirası barədə səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
O, “Heç kimə qəpik də yoxdur, hamısını dövlətə buraxdım. Bəziləri səbəbindən digərləri zərər gördü. Pulu atam qoymayıb, özüm qazanmışam. İstədiyim kimi bölərəm” deyə bildirib. Sənətçi əlavə edib ki, bəzi insanların onun adından düzgün istifadə etmədiyini düşünür və “İbrahim Tatlıses” adının bir çox qapılar açdığını, lakin bunun dəyərinin bilinmədiyini vurğulayıb.
İbrahim Tatlısesin övladları Ahmet Tatlıses və Dilan Çıtak Tatlıses ilə yaşadığı gərginliklər əvvəllər də gündəmə gəlib və tərəflər arasındakı mübahisələrin hüquqi müstəviyə keçdiyi bildirilir.

