Türk musiqisinin tanınmış simalarından olan İbrahim Tatlıses fiziki müalicə prosesi ilə bağlı yenidən gündəmə gəlib.
Sənətçi ötən ilin aprelində keçirdiyi infeksiya səbəbindən xəstəxanaya yerləşdirilmiş, daha sonra öd kisəsindən əməliyyat olunmuşdu. Müalicəsinin ardından 22 apreldə evə buraxılan Tatlıses haqqında son günlər yenidən xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılmışdı.

Məsələ ilə bağlı açıqlama verən İbrahim Tatlıses sağlamlıq durumunun yaxşı olduğunu bildirib. O, xəstəxanaya təcili vəziyyətə görə deyil, fiziki müalicə proqramı üçün getdiyini vurğulayıb.
Tatlıses açıqlamasında əməliyyatdan sonra bir müddət hərəkətsiz qalmalı olduğunu, bu səbəbdən əzələlərində güc itkisi və zəifləmə yarandığını qeyd edib. Sənətçi həkimlərinin tövsiyəsi ilə gündəlik həyatına daha güclü qayıtmaq üçün öz istəyi ilə fiziki müalicəyə başladığını bildirib.
Fiziki müalicə prosesi davam edən İbrahim Tatlısesi xəstəxanada keçmiş xəzinə və maliyyə naziri, AK Parti Mersin millət vəkili Nureddin Nebati ziyarət edib.
Sənətçi xəstəxanada çəkilən fotonu sosial şəbəkə hesabında paylaşaraq Nebatiyə təşəkkür edib.

İbrahim Tatlıses paylaşımında “Sevgili Urfalı Bakanım Sayın Nureddin Nebati’ye kıymetli ziyaretlerinden dolayı teşekkür ediyor, saygılarımı ve hürmetlerimi sunuyorum”, — ifadələrinə yer verib.

