Musiqiçi Emir Ersoy ilə ilk övladlarını qucaqlarına almağa hazırlaşan türkiyəli aktrisa Gökçe Bahadır İstanbulun Etiler səmtində restoranlardan birindən çıxarkən jurnalistlərin kameralarına tuş gəlib.
44 yaşlı aktrisa jurnalistlərin suallarını cavablandıraraq hamiləlik dövründən və körpələri üçün gördükləri hazırlıqlardan danışıb.
Hər şeyin qaydasında olduğunu bildirən Bahadır hamiləlik zamanı xüsusi qidalara qarşı güclü istək hiss etmədiyini söyləyib.
“Açığı, hamiləlik dövrüm elə də çətin keçmədi”, – deyə aktrisa bildirib.
O, həyat yoldaşı Emir Ersoy ilə körpələri üçün hazırlıqlara başladıqlarını qeyd edib. Bahadır bu dövrdə prioritetlərinin və diqqətinin yönəldiyi məsələlərin dəyişdiyini vurğulayıb.

İş tempini azaltdığını deyən aktrisa kiçik layihələr üzərində çalışmağa davam etdiyini bildirib.
Peşəsini çox sevdiyini vurğulayan Bahadır bunun yalnız qısamüddətli fasilə olduğunu və gələcəkdə fəaliyyətini davam etdirəcəyini söyləyib.
Məkandan çıxaraq avtomobilini gözləyən aktrisa İstanbulda yağan yağışdan da yayına bilməyib.
Yağışda islanan Bahadır jurnalistlərlə zarafatlaşaraq xəbərlərində bu hadisəyə də yer verə biləcəklərini deyib.

