Sumqayıt şəhərində illərdir fəaliyyət göstərməyən 35 saylı peşə məktəbinin binasının söküləcəyi və yerində hansısa yaşayış kompleksinin tikiləcəyi ilə bağlı məlumatlar yayılıb.
Denmedia.az yayılan məlumatlar əsasında araşdırma aparıb.
Məlumata görə, 35 nömrəli Peşə məktəbi 2011-ci ildən istifadə olunmur.İstismar müddətini başa vurduğu bildirilən binada ümumilikdə 4 ailə yaşayır. Onlardan 2 ailə məcburi köçkündür.
Sakinlərin sözlərinə görə, onlara binanı qısa müddət ərzində tərk etmələri barədə məlumat verilib. Bu isə ailələr arasında narahatlıq yaradıb. Sakinlər bildirirlər ki, binanın söküləcəyi barədə onlara məlumat verilsə də, köçürülmə, yaşayış yeri və digər məsələlərlə bağlı konkret prosedurun necə həyata keçiriləcəyi barədə hələlik ətraflı məlumat təqdim olunmayıb.
İddialara görə, sözügedən ərazidə köhnə binanın yerində yeni təhsil kompleksinin inşası nəzərdə tutulur. 35 saylı peşə məktəbinin binasının sökülməsi ilə bağlı qərarın olub-olmaması, söküntünün vaxtı, ərazidə həyata keçiriləcək layihə və binada yaşayan 4 ailənin köçürülməsi ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyini öyrənməyə çalışdıq.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən Denmedia.az-a bildirilib ki, sözügedən ərazidə yaşayış binasının tikintisi nəzərdə tutulmayıb. Ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması planlaşdırılır. Mövcud binanın yerində müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin tikilməsi nəzərdə tutulur.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən isə bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir və əsassızdır. Müvafiq ərazidə yaşayış binasının tikintisi nəzərdə tutulmur. Ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən, müasir infrastrukturlu yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır.
Adı çəkilən qurum ictimaiyyəti məsələyə dair yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatlara istinad etməyə çağırır.
Nizami Rəsulov
Denmedia.az

