Göyçay rayonunun Çərəkə kəndində yerləşən, 250 şagirdin təhsil aldığı 1 saylı tam orta məktəb qəzalı vəziyyətdədir. Məktəbdə mövcud olan problemlər şagirdlərin təhlükəsizliyini risk altına salır.
Bu barədə DenazTV-yə müsahibəsində sözü gedən kənd sakinləri bildirib.
Sakinlərin sözlərinə görə, məktəb binası uzun illərdir əsaslı təmir olunmadığından müxtəlif problemlərlə üzləşib. Belə ki, binanın giriş hissəsində tavandan beton parçaları qoparaq tökülür. Pəncərələrin bir qismi sınıq vəziyyətdədir və müvəqqəti olaraq sellofanla örtülüb.
Məktəbdəki sanitar qovşağın vəziyyətinin qənaətbəxş olmadığı, bəzi elektrik naqillərinin isə açıq vəziyyətdə qaldığı bildirilir. Sakinlər hesab edirlər ki, bu hal həm şagirdlər, həm də müəllimlər üçün təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, bir müddət əvvəl məktəbin dam örtüyü dəyişdirilib, həmçinin bir neçə sinif otağında cari təmir işləri aparılıb. Lakin əsaslı təmirin tədris ilinin başa çatmasından sonra həyata keçiriləcəyi bildirilsə də, indiyədək bu istiqamətdə hər hansı iş görülməyib.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən DenazTV-yə bildirilib ki, hazırda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 40-dan çox ümumtəhsil müəssisəsində cari təmir, 1 təhsil müəssisəsində əsaslı təmir işləri aparılır, ötən tədris ilində isə 2 təhsil müəssisəsi isə sökülərək yenidən tikilib. Yeni tədris ilində də İdarənin tabeliyində fəaliyyət göstərən baxımsız vəziyyətdə olan məktəb binalarının sökülərək yenidən tikilməsi, eləcə də çoxsaylı təhsil müəssisələrində təmir işlərinin aparılması nəzərdə tutulur.
Göyçay rayonu Çərəkə kəndi Siyavuş Mirzəyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin vəziyyətindən xəbərdarıq. 2025-ci ildə məktəb binasının dam örtüyü və 3 sinif otağı cari təmir olunub. Hazırda binada təmirə ehtiyac olan digər hissələrlə bağlı işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılıb və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik əsasında həyata keçirilir.

