Qubada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi qeyd edilib.
"Den.az"-ın şimal bürosu xəbər verir ki, mətbuatının 150 illik yubileyi və Milli Mətbuat günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ümummilli Liderimizin abidəsi, ardınca Zərdabi qəsəbəsində Həsən bəy Zərdabinin abidəsi, sonra isə “Media şəhidləri parkı”nda şəhid jurnalistlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunmuş, daha sonra media nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxış edərək kütləvi informasiya vasitələrinin əməkdaşlarını peşə bayramı, həmçinin Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə təbrik etmiş və qeyd etmişdir ki, əsası 150 il əvvəl görkəmli maarifçi və mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzeti ölkəmizdə ilk mətbu orqan olmaqla yanaşı, eyni zamanda mətbuatımızın inkişafına da ciddi təkan vermiş və düzgün yol göstərmişdir. Ölkəmizdə azad mətbuatın formalaşması məqsədilə müvafiq hüquqi bazanın yaradılması, mətbuatda senzuranın ləğvi, söz və fikir azadlığının təmin edilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Sonrakı illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında dövlətimiz tərəfindən bu istiqamətdə xeyli işlər görülmüş və ardıcıl tədbirlər bu gün də davam etdirilməkdədir.
Çıxış edən media nümayəndələri də öz növbəsində mətbuat işçilərinə göstərilən dövlət qayğısından danışmış və Milli Mətbuat Günü və milli mətbuatının 150 illik yubileyi münasibətilə öz həmkarlarını təbrik etmişlər.
Nüşabə Baxşıyeva