Sumqayıt Dövlət Dram teatrında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Sumqayıtdan seçilmiş millət vəkili, professor Hicran Hüseynova ilə görüş keçirilib.
Denmedia.az xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Tarix elmləri doktoru professor Dilarə Seyidzadə və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Görüş zamanı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Hicran Hüseynovanı 70 illik yubileyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Şəhər rəhbəri çıxışında Hicran Hüseynovanın ölkəmizdə ailə, qadın və uşaq siyasətinin formalaşmasında, eləcə də qadınların ictimai-siyasi həyata cəlb olunmasında, elmi və ictimai fəaliyyətindəki xidmətlərini yüksək qiymətləndirdiyini bildirib. Zakir Fərəcov vurğulayıb ki, dövlət başçısının təqdim etdiyi ali mükafat millət vəkilinin uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətin, dövlətə və xalqa xidmətinin bariz göstəricisidir. Şəhər rəhbəri Hicran Hüseynovaya möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Sumqayıt ictimaiyyəti adından Hicran Hüseynovaya hədiyyələr təqdim olunub.
Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Hicran Hüseynovanı təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Öz növbəsində Hicran Hüseynova göstərilən diqqət və təbriklərə görə təşəkkür edib, seçicilərinin etimadını doğrultmaq və ölkəmizdə ailə və qadın siyasətinin inkişafı istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini qeyd edib. O göstərilən etimada görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Çıxış edənlər Millət vəkilinin həyat və fəaliyyətindən danışıblar. Qeyd edək ki, Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova VI çağırış Milli Məclisin deputatı seçilib.2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədridir. 12 avqust 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova “Şöhrət” ordeni ilə təltif edilib.
Ellada Rəsul
Denmedia.az