Kiberdələduzlar müxtəlif dövlət qurumlarının adından vətəndaşlara zəng edərək bank hesablarındakı pul vəsaitlərinin təhlükədə olduğunu bildirir və həmin pulların başqa hesablara köçürülməsini tələb edirlər.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin əhaliyə müraciətində bildirilib.
Qeyd olunub ki, vətəndaşlar müxtəlif xarici ölkələrdən dövlət qurumlarının adından edilən zəng və göndərilən mesajlara qarşı diqqətli olmalı, şəxsi və bank məlumatlarını qarşı tərəfə təqdim etməməli, mobil telefona göndərilən təsdiq kodlarını paylaşmamalı və tanımadıqları keçidlərə daxil olmamalıdırlar.
Həmçinin bu cür müraciətlər əsasında hər hansı ödəniş və ya maliyyə əməliyyatı həyata keçirilməməlidir.
DİN bildirib ki, dövlət qurumları vətəndaşlardan zəng, sosial şəbəkə və mesajlaşma tətbiqləri vasitəsilə bank kartlarının məxfi məlumatlarını, CVV/CVC və OTP kodlarını tələb etmir.
Bu məlumatların kənar şəxslərə verilməsi bank hesablarındakı pul vəsaitlərinin oğurlanması ilə nəticələnə bilər.
Kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşan şəxslər “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

