Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı çağırışda bildirilib.
Qeyd olunub ki, “WhatsApp”, “Telegram” və digər sosial media platformaları üzərindən edilən zənglər, eləcə də saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər qeydə alınır.
Nazirlik bir daha diqqətə çatdırıb ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə vasitəsilə kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir.
DİN-in çağırışında vurğulanıb:
“Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur. Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər. Hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir. Bir zəng maliyyə hesabınızı təhlükə altına qoya bilər.”

