Azərbaycanın sosial şəbəkə seqmentində hesabların sındırılması, silinmiş yazışmaların bərpası və müxtəlif “haker xidmətləri” təklif edən saxta səhifələr yayılır.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, belə səhifələr istifadəçilərdən əvvəlcədən ödəniş alır, lakin vəd edilən xidmət göstərilmir.
Bəzi hallarda isə dələduzlar istifadəçilərin şəxsi məlumatlarını və bank kartı məlumatlarını ələ keçirməyə çalışırlar.
DİN vətəndaşlara təkliflərin etibarlılığını əvvəlcədən yoxlamağı, tanımadıqları şəxslərə pul köçürməməyi, şəxsi və bank məlumatlarını paylaşmamağı tövsiyə edir.
Şübhəli hallarla qarşılaşan şəxslər DİN-in “102” Çağrı Mərkəzinə və ya qurumun rəsmi sosial şəbəkə səhifələrinə müraciət edə bilərlər.

