Kürdəmirin Sığırlı kəndində uzun illər əhaliyə xidmət göstərən doğum evinin fəaliyyəti dayandırılıb.
Kənd sakinləri Denmedia.az-a şikayət edərək bildiriblər ki, əhalisi çox olan yaşayış məntəqəsinin rayon mərkəzindən də uzaqda yerləşməsi vəziyyəti daha da çətinləşdirir.
Hazırda doğuş üçün müraciət edən qadınlar rayon mərkəzi xəstəxanasına getməli olurlar. Sakinlər bunun üçün təxminən 26 kilometr məsafə qət etdiklərini bildirirlər.
TƏBİB- dən bildirilib ki, Kürdəmir rayonunun Sığırlı kənd sahə xəstəxanası 2010-cu ildən etibarən fəaliyyət göstərmir və istifadə olunmur. Hazırda kənd əhalisinə tibbi xidmət həmin binanın yaxınlığında yerləşən Sığırlı həkim məntəqəsi tərəfindən göstərilir.
Qeyd edək ki, Sığırlı həkim məntəqəsi bir sıra cihaz və aparatlar, funksional çarpayılar və digər zəruri tibbi avadanlıqlarla təmin olunub. Həmçinin ötən dövr ərzində tibb məntəqəsində bir neçə dəfə təmir işləri aparılıb.
Hazırda tibb məntəqəsində həkim, mama, tibb bacıları və digər tibb işçiləri fəaliyyət göstərərək əhaliyə ilkin tibbi-sanitariya xidməti göstərirlər.
Bununla yanaşı, ilkin tibbi-sanitariya xidmətinin daha da təkmilləşdirilməsi məqsədilə Sığırlı kəndində modul tipli yeni tibb məntəqəsinin quraşdırılması nəzərdə tutulub.
Əlibala Əsgərov
Denmedia.az

