Kürdəmir rayonunun Çərtəyəz kəndində 5 kilometrlik yolun bərbad vəziyyətdə olması sakinləri gündəlik işgəncəyə çevirib.
Kənd sakinləri DenazTV-yə bildiriblər ki, bu yol sovet dövründən bəri asfalt üzü görməyib və qışda palçıq, yayda isə toz-torpaq səbəbindən nə hərəkət etmək, nə də şagirdləri məktəbə aparmaq olur.
Sakinlərin sözlərinə görə, təcili yardım belə kəndə gəlmir, sürücülər isə yolun vəziyyətinə görə 30 manat əlavə pul tələb edir. Yolun bərbadlığı səbəbindən uşaqlar məktəb yolunda yıxılıb qolunu-qıçıını sındırır, xəstələr isə rayon mərkəzinə aparılana qədər əziyyət çəkir. Hətta sakinlərin iddiasına görə, hamilə qadın yolda taksidə uşaq dünyaya gətirməli olub.
Camaat deyir ki, məmurlar illərlə “yol çəkiləcək” vədləri verib, lakin 2023, 2024 və 2025-ci illər də bitir, nəticə isə yoxdur. Kəndə baxış keçirən rəsmilər sadəcə söz verib gedir, reallıqda isə bir qarış asfalt belə vurulmur.
Sakinlər deyir ki, bu yola bir dəfə də asfalt çəkilməyib.
700 nəfərə yaxın əhalisi olan kənd hər gün bu yoldan istifadə etməyə məcburdur və vəziyyət artıq dözülməz hal alıb.
İllərlə vədlər verilir, amma ortada nə yol var, nə də xidmət. Bu vəziyyət dövlət qurumlarının kəndlərə olan münasibətinin göstəricisidir –Sakinlər artıq səbirlərini tükəndirib və problemin dərhal həllini tələb edirlər.

