Qara dənizdə “CHELSEA-3” yük gəmisi dron hücumuna məruz qalıb. Gəminin göyərtəsində olan 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin sözlərinə görə, hadisə gecə saat 01:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə baş verib.
Gəmidə ümumilikdə 15 ekipaj üzvü olub.
Xilas edilən azərbaycanlılardan 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli Varna Hərbi Hospitalına yerləşdirilib və həkim nəzarətindədir. Digər 7 Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Azərbaycan XİN aidiyyəti qurumlarla birlikdə dənizçilərə tibbi və konsulluq yardımının göstərilməsi, eləcə də onların təhlükəsiz şəkildə Azərbaycana qaytarılması istiqamətində iş aparır.

