Qara dənizdə, Odessa limanı yaxınlığında Azərbaycan vətəndaşlarının da olduğu gəmi dron hücumuna məruz qalıb.
Məlumata görə, “Mert Marine Corporation” şirkətinə məxsus, Somali bayrağı altında üzən “TEDY” yedək gəmisi ilk dəfə pilotsuz uçuş aparatının hücumuna məruz qalarkən göyərtədə 10 ekipaj üzvü olub. Onlardan dördü Azərbaycan, üçü Türkiyə, ikisi Almaniya, biri isə Ukrayna vətəndaşı olub.
Daha sonra gecə saatlarında gəmi Konstansa limanına doğru hərəkət edərkən daha iki dron hücumuna məruz qalıb.
Hücumlar nəticəsində iki Azərbaycan vətəndaşı – dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olublar.
Daha iki azərbaycanlı dənizçi isə yaralanıb. Onlar Odessadakı xəstəxanalardan birinə yerləşdirilib və hazırda müalicələri davam etdirilir.

