Oman sahilləri yaxınlığında raket zərbəsinə məruz qalan tankerdən 20-dən çox Hindistan dənizçisi uğurla təxliyə edilib. Bu barədə Hindistan Sahil Mühafizəsi X sosial şəbəkəsində məlumat yayıb.
MT Marivex gəmisində baş verən fövqəladə vəziyyət və yanğınla bağlı məlumat xilasetmə xidmətlərinə 8 iyun bazar ertəsi daxil olub. Gəmidən göndərilən yardım siqnalına Mumbaydakı Dəniz Xilasetmə Koordinasiya Mərkəzi reaksiya verib.
Mərkəz dərhal Omanın Dəniz Axtarış-Xilasetmə Mərkəzi ilə koordinasiya yaradaraq, Oman Hərbi Dəniz Qüvvələrinin helikopterləri vasitəsilə Hindistan vətəndaşı olan 24 ekipaj üzvünün təhlükəsiz şəkildə xilas edilməsini təmin edib, — deyə qurum bildirib.
Hazırda bütün dənizçilər tam təhlükəsizlikdədir. Hadisə nəticəsində insanlar arasında xəsarət alan olmayıb. Hücuma məruz qalan gəmi isə təhlükəli zonadan məcburi şəkildə çıxarılıb və Omanın Masira adası yaxınlığında lövbərə qoyulub.

