Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi kimi tanınan Növrəstə Yusifova vəfat edib.
Onun yaxınlarının verdiyi məlumata görə, 74 yaşlı veteran Bakıda xəstəlik səbəbindən dünyasını dəyişib.
Hərbçilər arasında “Xalaqızı” ləqəbi ilə tanınan Növrəstə Yusifova sovet illərində Bakıda qülləli kran maşinisti işləyib. O, Azərbaycanda bu peşə üzrə 7-ci dərəcə alan ilk qadın olub.
Yusifova atıcılıq idmanında da uğurlar qazanıb. 1974-cü ildə Azərbaycan çempionatında ikinci, 1975-ci ildə isə birinci yerə layiq görülüb.
17 mart 1992-ci ildə orduda ilk qadın snayper kimi qeydiyyata alınıb. 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper kimi döyüşüb.
Növrəstə Yusifova 1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə rəhbərlik edirdi.

