Mənzillərin təmiri adı altında dələduzluq etməkdə şübhəli bilinərək beynəlxalq axtarışa verilən Elmir Nuriyev Almaniyadan Azərbaycana ekstradisiya ediləcək.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verildi.
Bildirildi ki, Baş Prokurorluğun Almaniya Federal Ədliyyə İdarəsinə müraciətindən sonra E.Nuriyevin Azərbaycana təhvil verilməsi ilə bağlı razılıq əldə olundu.
Azərbaycan vətəndaşı E.Nuriyev xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə şübhəli bilinir. Cinayət işi Sumqayıt Şəhər Polis İdarəsində araşdırılır.
İstintaqın məlumatına görə, E.Nuriyev özünü şirkət rəhbəri kimi təqdim edərək vətəndaşların etibarından sui-istifadə edib və onlara məxsus mənzilləri təmir edəcəyinə söz verib. Nəticədə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan dəyib.
Şübhəli şəxs istintaqdan yayındıqdan sonra İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Daha sonra onun Almaniyada olduğu müəyyən edilib və həmin ölkədə saxlanılıb.
Hazırda E.Nuriyevin Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.

