Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Zirəddin Rüstəmov Polşada saxlanılaraq oktyabrın 1-də Azərbaycana ekstradisiya edilib.
Bu barədə Azərbaycan Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş Rüstəmov Zirəddin Elçin oğlunun yeri Polşada müəyyən edilib və o, saxlanılıb.
İstintaqın məlumatına görə, Rüstəmov 2023-cü ildə müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə yalan vədlər verərək, onların etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə əmlaklarını ələ keçirməkdə, nəticədə onlara külli miqdarda maddi ziyan vurmaqda ittiham olunur.
Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) üzrə ittiham irəli sürülüb.
Baş Prokurorluğun sorğusu və Polşa tərəfi ilə aparılan danışıqlar nəticəsində təqsirləndirilən şəxsin Azərbaycana ekstradisiyası barədə razılıq əldə olunub.
Zirəddin Rüstəmov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmətinin əməkdaşları tərəfindən Varşavadan Azərbaycana gətirilib.
Məhkəmənin qərarına əsasən, o, müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.

