Azərbaycanın Elm və Təhsil Nazirliyi İranın elm, tədqiqat və texnologiyalar naziri Hüseyn Simai-Sərrəfın azərbaycanlı qızları İran universitetlərində təhsil almağa dəvət etməsinə sərt reaksiya verib.
Nazirlik İran rəsmisinin açıqlamasını təəccüb və təəssüflə qarşıladığını bildirib.
Qeyd edək ki, İran naziri azərbaycanlı qızların dini hicabdan imtina etmədən ölkəsinin ali təhsil müəssisələrində oxuya biləcəklərini söyləmişdi.
Azərbaycan tərəfi bu fikirləri ölkənin daxili işlərinə, xüsusilə təhsil siyasətinə müdaxilə cəhdi kimi qiymətləndirib.
“Heç kimin ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə ixtiyarı yoxdur. İran rəsmilərinə başqa dövlətlərin işlərinə qarışmaq əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olmağı tövsiyə edirik”, – deyə nazirliyin bəyanatında vurğulanıb.
Nazirlik İranda yaşayan etnik azərbaycanlıların ana dilində təhsil məsələsinə də diqqət çəkib.
Azərbaycan tərəfinin qiymətləndirməsinə görə, İranda yaşayan təxminən 40 milyon azərbaycanlı onilliklərdir ana dilində təhsil almaq imkanından məhrumdur. Bəyanatda ölkədə Azərbaycan dilində tədris aparılan məktəbin olmadığı, ali təhsil müəssisələrində də bu dildə təhsilin nəzərdə tutulmadığı bildirilib.
Nazirlik Tehranı qonşu ölkəyə tövsiyələr vermək əvəzinə özünün azərbaycanlı əsilli vətəndaşlarının ana dilində təhsil hüququnu təmin etməyə çağırıb.
Xatırladaq ki, Azərbaycan Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarına əsasən, məktəblərdə dünyəvi təhsil prinsipinə zidd olan əlavə geyim elementlərinin istifadəsi qadağan edilib. Sənəddə “hicab” sözü ayrıca qeyd olunmur. Məhdudiyyət müəyyən edilmiş məktəbli formasına daxil olmayan geyim elementlərinə şamil edilir.

