"Biz diplomatiya ilə müharibəni bitirməyə çalışırıq, Rusiya sülh istəyən bütün tərəflərin mövqelərinə zərbələr endirir..."
Əgər Rusiyaya qarşı real təzyiq olsaydı, artıq atəşkəs əldə oluna bilərdi.
Den.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski martın 29-da axşamı "Telegram"-da yayımlanan müraciətində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
Hər şeydən öncə Ukraynanın dövlət başçısı kommunal xidmətlərə, Milli Polis əməkdaşlarına, Fövqəladə Hallar Dövlət Xidmətinə və hər gecə düşmənə qarşı mübarizədə iştirak edən, eləcə də bu gün Rusiya tərəfindən atəşə tutulan ərazilərdə çalışan tibb işçilərinə təşəkkür edib.
Zelenskinin sözlərinə görə, yalnız Dneprdəki düşmən hücumunun nəticələrinin aradan qaldırılmasına təxminən 250 nəfər cəlb edilib. Bundan əlavə, Krivoy Roqda və digər Ukrayna icmalarında bütün zəruri fövqəladə xidmətlər fəaliyyət göstərib.
Prezident bildirib ki, ötən gecə Ukraynaya 172 zərbə PUA-sı ilə hücum edilib, onlardan 100-dən çoxu "Shahed" tipli olub. O, vurğulayıb ki, belə genişmiqyaslı hücumlar mütəmadi baş verir.
"Tərəfdaşlarımız anlamalıdır ki, bunlar Rusiya hücumlarıdır. Onlar təkcə xalqımıza deyil, həm də bütün beynəlxalq səylərə zərbə vurur. Biz bu müharibəni diplomatiya yolu ilə bitirməyə çalışırıq, lakin Rusiya bu zərbələri sülh istəyən bütün tərəflərin mövqelərinə endirir. Hər gecə yüzlərlə "Shahed" hücumunu görməzdən gəlmək mümkün deyil", - o, qeyd edib.
Zelenski ABŞ, Avropa və diplomatiyaya üstünlük verən bütün qüvvələr tərəfindən Rusiya təcavüzünə qarşı güclü reaksiyanın vacibliyini bəyan edib.
"Biz ciddi reaksiya gözləyirik və bu istiqamətdə çalışırıq. Güclü reaksiya, ilk növbədə Amerika, Avropa və diplomatiyaya üstünlük verən bütün dünya üçün çox vacibdir. Rusiyanı sülhə məcbur etmək lazımdır və yalnız məcburiyyət işləyəcək. Artıq çoxdan Amerika tərəfinin qeyd-şərtsiz atəşkəs təklifinə Rusiyadan adekvat cavab verilməyib. Bu, çox şeyi deyir", - prezident bəyan edib.
"Əgər Rusiyaya qarşı real təzyiq olsaydı, artıq atəşkəs əldə oluna bilərdi. Mən bunu anlayan və müvafiq qərarların qəbulunu irəlilədən tərəfdaşlarımıza, xüsusilə yeni sanksiya qərarlarını dəstəkləyənlərə təşəkkür edirəm" - Zelenski vurğulayıb.
Xəbər verildiyi kimi, martın 29-a keçən gecə Rusiya ordusu Ukraynaya 172 "Shahed" pilotsuz uçuş aparatı və digər tipli təlim-dronları ilə hücum edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiyanın atəşi nəticəsində üç bölgə- Dnepropetrovsk, Sumı və Xarkov ziyan çəkib. Krivoy Roqda düşmən raketi çoxmənzilli binalara, fərdi evlərə, məktəbə, avtoyuma məntəqəsinə zərər yetirib, yeddi nəfər yaralanıb.
Dneprdə isə atəş nəticəsində bir neçə çoxmərtəbəli bina və sahilyanı restoran-otel kompleksi dağıdılıb. Vilayət administrasiyasının məlumatına görə, dörd nəfər həlak olub, 22 nəfər yaralanıb.