Qəzza sektorunda atəşkəs razılaşmasının elanından dərhal sonra İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. DenMedia.az xəbər verir ki, bu barədə məlumatı İsrail hökumətinin mətbuat xidməti yayıb.
Netanyahu, Trampın vasitəçiliyinə görə ona təşəkkür edib və onu Knessetdə çıxış etməyə dəvət edib. Baş nazirin ofisi söhbəti “çox səmimi və tarixi nailiyyət kimi dəyərləndirilən” görüş adlandırıb — xüsusilə də bütün girovların azad edilməsinə görə.
Tramp isə Fox News-a açıqlamasında danışıqların təfərrüatlarını bölüşüb:
“Mən Netanyahu ilə az əvvəl danışdım. O, mənə dedi: "İnana bilmirəm. İndi hamı məni bəyənir",- deyə ABŞ prezidenti gülümsəyərək bildirib.
The Times of Israel-in məlumatına görə, girov ailələri də Vaşinqtonda ABŞ-ın ticarət naziri Hovard Lütviklə görüş zamanı Tramp ilə telefonla əlaqə saxlayıblar. Onlar 48 nəfərlik girov qrupunun tezliklə azad ediləcəyinə inandıqlarını və ABŞ liderinə danışıqlardakı dəstəyinə görə təşəkkür etdiklərini vurğulayıblar.