İsrail KİV-ləri məlumatlı mənbələrə istinadən bildiriblər ki, İsrailin baş naziri Benyamin Netanyahunun Hindistana planlaşdırılan səfəri təhlükəsizlik səbəblərinə görə ləğv edilib. Bu, onun Nyu-Deli səfərinin artıq üçüncü dəfə təxirə salınmasıdır.
Mənbələrin məlumatına görə, Netanyahu cari ilin sonunda baş tutmalı olan səfərini yenidən təxirə salıb. Qərar, iki həftə əvvəl Nyu-Delidə baş vermiş və son on ildən artıq müddətdə ən irimiqyaslı hadisə sayılan ölümcül hücumdan sonra artan təhlükəsizlik narahatlıqları fonunda qəbul edilib. Hadisə nəticəsində azı 15 nəfər həlak olmuş, onlarla insan yaralanmışdı.
Telerkanal i24 məlumatlı mənbələrə istinadən xəbər verir ki, sonuncu dəfə 2018-ci ildə Hindistana səfər etmiş Netanyahu, bu ölkənin baş naziri Narendra Modi ilə görüşməyi planlaşdırırdı və təhlükəsizliklə bağlı qiymətləndirmələr başa çatdıqdan sonra səfərin yeni tarixini gələn il üçün müəyyən etməyi nəzərdə tutur.
DenMedia.az

