Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın mənzilində səhər saatlarında NABU və Xüsusi Antikorrupsiya Prokurorluğu tərəfindən axtarışlar aparılıb. Məlumatı “Ukrainskaya Pravda” və Financial Times-ın müxbiri Kristofer Miller təsdiqləyib.
“Yermakın evindəki axtarışlar ‘Midas’ əməliyyatı ilə bağlıdır — enerji sektorunda genişmiqyaslı rüşvət araşdırması aparılır,” — Kristofer Miller yazıb.
NABU əməkdaşlarının təxminən on nəfərlik qrupu hökumət kvartalına daxil olarkən jurnalistlər bunu qeydə alıblar. Rəsmi açıqlama hələlik verilməyib.
Yermak özü də axtarışları təsdiqləyib və bildirib:
“NABU-ya tam giriş verilib. Mən istintaqa tam əməkdaşlıq edirəm.”
Bəzi siyasi şərhçilər hesab edir ki, əməliyyat təkcə Yermakı yox, onun yaxın ətrafını, o cümlədən prezident Vladimir Zelenskini də çətin vəziyyətə sala bilər. Keçmiş deputat İqor Markov iddia edir:
“Bu basqın Kiyevin ABŞ-ın təklif etdiyi sülh planını qəbul etməməsinə verilən siqnaldır.”

